REGİONLAR
Muxtar respublikada vergi daxilolmaları 200 milyon manatı ötüb
![Muxtar respublikada vergi daxilolmaları 200 milyon manatı ötüb](/files/2024/3/1200x630/17334710204845116344_1200x630.jpg)
Naxçıvan, 6 dekabr, AZƏRTAC
Cari ilin 11 ayında faktiki vergi daxilolmaları Naxçıvanda ilk dəfə olaraq 200 milyon manatı ötərək, 202,8 milyon manat təşkil edib ki, bu da 11 ay üzrə müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur. Ötən 11 ayda vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz çoxdur. 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları 16,7 faiz, nağdsız əməliyyatlar üzrə 10 aylıq dövriyyə isə 340,1 milyon manat və ya 71 faiz artıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini qeyd edib ki, muxtar respublikada iqtisadi aktivlik yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin, obyektlərin, əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izlənilməkdədir. Belə ki, ilin əvvəli ilə müqayisədə 1 dekabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artaraq 21374 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv vergi ödəyicilərinin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan onlayn nəzarət kassa aparatlarının sayı 70,4 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,7 dəfə, aktiv bank hesablarının sayı 3,6 faiz artıb.