Müxtəlif ölkələrdən olan peşəkar boksçular Bakıda açıq havada rinqə çıxıblar
Bakı, 3 may, AZƏRTAC
Mayın 4-də Bakı İdman Sarayında keçiriləcək peşəkar boks üzrə beynəlxalq turnirin müxtəlif ölkələrdən olan iştirakçıları Bakıda açıq havada məşq ediblər.
AZƏRTAC xəbər verir ki, turnirdə mübarizə aparacaq Azərbaycan, Rusiya, Argentina, İspaniya və Ukraynanı təmsil edən peşəkar boksçular Fəvvarələr bağında quraşdırılmış rinqdə ictimaiyyətə təqdim olunublar.
Beynəlxalq boks yarışlarının təşkilatçısı olan “BoomBox” şirkəti tərəfindən Azərbaycanın “AS Qrup Investment” şirkətlər qrupunun dəstəyi ilə keçiriləcək boks turnirində tam dörd titulun çempionluq kəmərləri uğrunda mübarizə aparılacaq. Dünyanın 5 ölkəsindən 16 boksçu “WBC Youth”, “IBF International”, “WBA Continental” və “WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda qarşılaşacaqlar. Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev “WBC Youth” versiyası üzrə dünya çempionu kəməri uğrunda argentinalı boksçu, dünya reytinqində ilk 100 sırada olan Mateo Veron ilə rinqə çıxacaq.
Həmin gün rusiyalı Həsən və Hüseyn Baysanqurov qardaşları titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar - WBA və IBF üzrə üç titul uğrunda döyüşəcəklər. Həsən “WBA Continental” versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn isə özünün “IBF International” və “WBA Inter-Continental” versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobos ilə döyüşəcək.
Bu döyüşlərdən əlavə daha 5 maraqlı qarşılaşma keçiriləcək.