Müxtəlif sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabr ayından KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən “Gənc sahibkarların II forumu”nda deyib.
O qeyd edib ki, gənclərin biznes emalatxanası adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində müxtəlif sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcək.
“KOBİA olaraq biz gənclərin sahibkarlıq fəaliyyətində onların biznes təşəbbüslərinin reallaşdırılmasında maraqlıyıq. Bu təşəbbüslərin dəstəklənməsi, eləcə də sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi KOBİA-nın fəaliyyət gündəliyində olan prioritet istiqamətlərdəndir. KOBİA-da öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlardan, startaplardan və biznesə başlamaq istəyən gənclərdən daxil olan müraciətlər diqqətlə təhlil olunur və onlara müvafiq dəstək xidmətləri göstərilir”, - deyə KOBİA sədri vurğulayıb.