M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALINA QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialına keçirilən qəbul imtahanlarının nəticələri iyulun 29-da açıqlanmışdır.
MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva qəbul imtahanlarının nəticələri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, MDU-nun müəllim və professor heyətinin iştirakı ilə keçirilən imtahanlarda azərbaycanlı gənclər yüksək bilik nümayiş etdirmişlər.
Moskva Dövlət Universitetinin Bakı filialında tədrisin keyfiyyətinin bu təhsil müəssisəsinin statusuna layiq olacağını qeyd edən professor N.Paşayeva MDU-nun tələbəsi adını daşımağın məsuliyyətli olduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, universitetin Bakı filialına 75 tələbə qəbul edilmişdir. Burada fəaliyyət göstərəcək filologiya, kimya və tətbiqi-riyaziyyat fakültələrinin hər birində 25 tələbə təhsil alacaqdır.
Moskva Dövlət Universitetinin prorektoru Nikolay Syomin bu ali məktəbin Bakı filialına keçirilən qəbul imtahanlarının nəticələrindən razı qaldığını bildirmişdir. O demişdir ki, “MDU-da 50 mindən çox tələbə təhsil alır. Artıq universitetin Bakı filialına qəbul olunan azərbaycanlı gənclər də bu böyük ailənin üzvləridir.
MDU-nun Bakı filialında dərslər oktyabrın 1-də başlanacaqdır.