N saylı hərbi hissənin əsgərləri Tərtər rayonunda ekskursiyada olublar
Tərtər, 4 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü ilə bağlı "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsgərlər əvvəlcə Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Tarix-Diyarşünaslıq Muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əsgərlər işğaldan azad edilmiş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş hərbçilərin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələrə baxıblar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqları ilə tanış olublar.
Ekskursiya zamanı Aprel döyüşlərində Tərtər istiqamətində düşməndən azad olunmuş ərazilər də ziyarət edilib.
Hərbi qulluqçular xidmət yerlərinə xoş təəssüratlarla qayıdıblar.