Nadir implantat Parkinson xəstəliyinin əlamətlərinin öhdəsindən gələcək
Bakı, 1 iyun, AZƏRTAC
Beynin dərin stimulyasiyası Parkinson xəstəliyinin effektli müalicə üsuludur. Bu terapiya üsulu cərrahi müdaxilə tələb edir. Pasiyentin beyninə elektrik impulslarını generasiya edən cihaz implantasiya olunur. “The Hindustan Times” nəşrinin yazdığına görə, beyin ona daxil olan impulslara heç də həmişə reaksiya vermədiyi üçün bu üsulun əks-göstəriciləri çoxdur.
AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, amerikalı alimlər bu problemin həllini tapıblar. Onlar göndərilən impulsları insan beyninin fəallığına avtomatik uyğunlaşdıran implantat yaradıblar. Bu cür yanaşma cihazın batareyasının işləmə müddətini artırmağa və kənar effektlərdən yaxa qurtarmağa şərait yaradacaq.
Bundan başqa, yeni cihaz tez-tez sazlanma tələb etmədiyindən pasiyentin həkimə müraciət etməsinə daha az ehtiyac olacaq. Bununla yanaşı, pasiyentlər standart implantatlar ilə tədqiqatçıların yeni məhsulu arasında fərq görməyiblər. Hər iki halda beynin dərin stimulyasiyası xəstəliyin əlamətlərinin bildirilməsini gözəçarpacaq dərəcədə azaldacaq.