Naftalanda idman qurğuları sakinlərin istifadəsinə verilib
Naftalan, 9 avqust, Elcan Məmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin hər yerində olduğu kimi, Naftalan şəhərində də abadlıq-quruculuq işləri sürətlə davam etdirilir, mərkəzi küçələr, məhəllədaxili yollar əsaslı şəkildə yenidən qurulur, park və meydançalarda müasir tələblər səviyyəsində təmir işləri aparılır.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər rəhbərliyinin təşəbbüsü ilə Qələbə parkında idman avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilib. İnsanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bu kimi işlər davam etdirilir. Bununla yanaşı, İslam Həsənzadə küçəsində azyaşlılar üçün atraksion quraşdırılıb.
Qeyd edək ki, Naftalanın iqtisadi baxımdan turizm şəhəri olduğunu nəzərə alaraq turizmin və şəhərin inkişaf etdirilməsi üçün yeni layihələr üzərində işlər aparılır. Bütün bunlar gələcəkdə şəhərin iqtisadi potensialının güclənməsinə zəmin yaradacaq.