Narkomaniya ümumbəşəri bəladır
Bakı, 18 may, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.
E.Mehdiyev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq bildirib ki, Hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları var. Hər bir şagird hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən bəhs edib. Bildirib ki, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. Gənclər radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamalıdır. Valideynlər də bütün işdə daha diqqətli olmalı, belə mənfi təsirlərə qarşı fəal mübarizə aparmalıdırlar.