“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının dəstəyi ilə “Qadına şiddətə son” layihəsi çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan dəyirmi masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, Milli Məclisin deputatları iştirak ediblər.
Dəyirmi masada “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva, ombudsman Səbinə Əliyeva, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və digər qurumların nümayəndələri, eləcə də Milli Məclisin deputatları - Arzu Nağıyev, Fazil Mustafa, Jalə Əhmədova, aparıcı media qurumlarının əməkdaşları çıxış edib, mövzu ilə bağlı müzakirələr aparıblar.
Qeyd olunub ki, biz cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını almalıyıq. Reallıq budur ki, bu hadisələr artıq Bakıdan çox regionlarda baş verir. Bu məsələ ilə bağlı ombudsmanın dörd regional mərkəzi fəaliyyət göstərir. QHT və vətəndaş cəmiyyətinin nümayəndələri hüquq-mühafizə orqanları ilə birgə bu sahədə regionlarda mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir.
Uzun müddət QHT-lərlə birlikdə bir neçə sosial layihənin peşəkar təlimçilərindən olan AZƏRTAC-ın İnsan resursları departamentinin müdiri Esmira Tağıyeva diqqətə çatdırıb ki, QHT-lər bu məsələ ilə bağlı bir sıra layihələr reallaşdırır: “Uzun illərdir qarşılaşdığımız problemlər var. Məsələyə hüquqşünas kimi yanaşaraq qeyd edə bilərəm ki, problemi qabartmaqdan daha çox onu həllini tapmalıyıq. Dolayısı ilə toxunulan məsələ hazırkı dövrdə aktual olan və gələcəyimizi formalaşdıran məsələlərdən biridir. Həm narkomaniyaya qarşı mübarizə, həm qadına qarşı şiddət, ümumiyyətlə zorakılıq müasir dövrdə yalnız qadına deyil. Uşaqlara qarşı da psixoloji və fiziki şiddət halları var. Bu faktların həm sosial şəbəkələrdə, həm də televiziyalarda işıqlandırılması çox vacibdir. Dövlət orqanlarının həmin faktlarla bağlı gördüyü işlər geniş işıqlandırılmalıdır. Çünki istər həyatda, istərsə də sosial şəbəkələrdə qadın zorakılığının təbliği hallarının artması müşahidə olunur”.