NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, altı ayda respublikamızın ərazisində narkotiklərlə bağlı 1657 cinayət faktı qeydə alınmışdır. Onlardan 661-i satışla bağlıdır.
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 924 kiloqram 873 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 123 kiloqram 393 qram marixuana, 592 kiloqram 712 qram həşiş, 122 kiloqram 560 qram tiryək, 86 kiloqram 208 qram heroin, 490 həb, 90 ampula diazepam götürülmüşdür.
Bütün bunlara görə 1202 nəfər yaxalanaraq məsuliyyətə cəlb olunmuşdur.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılıq yolu ilə daşınmasına qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam edir.