Narkomanlıq probleminə dair növbəti treninq Nəsimi rayonunda keçirilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planının müvafiq bəndinin icrası məqsədilə Nəsimi rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri narkotik vasitələrin insan orqanizminə zərərli təsirləri, narkotik istifadəçilərinin davranış əlamətləri, narkotik asılılıq və onun psixoloji səbəbləri və digər məsələlər barədə ətraflı məlumat veriblər.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri təbliğat vasitələri təqdim olunub.