Narkotikdən istifadə ailələrin dağılmasına, cinayətkarlığa səbəb olur
Qəbələ, 27 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, gənclər, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov tədbirdə çıxış edərək narkomaniyanın böyük bəla olmasından, ailələrə gətirdiyi bədbəxtliklərdən, bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində Qəbələdə görülən işlərdən danışıb.
Sonra mövzu ilə bağlı Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun üzvləri Vasif Quliyev və Eldar Sadıqov çıxış ediblər. Onlar respublikamızda narkomaniyaya qarşı mübarizənin gündən-günə genişləndiyini bildirib, narkotik vasitə istifadəçilərinin çoxunu gənclərin təşkil etdiyini vurğulayıblar. Narkotikdən istifadənin ailələrin dağılmasına, cinayətkarlığa, cəmiyyətin digər böyük bəlası olan QİÇS xəstəliyinə gətirib çıxardığını deyən Vasif Quliyev psixotrop maddələrin insanlarda həm də asılılıq yaratdığını, narkomanın isə narkotik vasitəni almağa pulu olmadıqda hər cür vasitəyə - oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl atdığını diqqətə çatdırıb.
Tədbirdə Qəbələ rayon Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov və şəhər 5 nömrəli məktəbin direktoru Zərnişan Ağakişiyeva çıxış edərək gənclərin narkotik vasitələrə və psixotrop maddələrə aludəçiliyinə qarşı mübarizədə hamını fəal olmağa, cəmiyyəti bu bəladan qorumaq üçün insanlar arasında maarifləndirmə işlərini gücləndirməyə səsləyiblər.