NATO-NUN TƏŞKİL ETDİYİ SEMİNAR ÖZ İŞİNƏ BAŞLADI
İyulun 7-də Zuğulbadakı “Gənclik” Beynəlxalq turizm mərkəzində Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının (AGADA) NATO-nun informasiya və mətbuat mərkəzi ilə birgə təşkil etdikləri seminar öz işinə başlamışdır. Tədbir Azərbaycanda NATO və müasir Avro-Atlantika təhlükəsizliyinin strukturu mövzusunda açıq və azad müzakirələr keçirmək məqsədi ilə təşkil olunmuşdur. Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqazda ilk dəfə keçirilən seminarın birinci günü qlobal təhlükəsizlik - terrorizm, etnik münaqişələr, kütləvi qırğın silahları, demoqrafiya, resurs çatışmazlığı, qloballaşdırma dövründə təhlükəsizlik məsələləri və beynəlxalq siyasətdə istiqamətlər mövzusunda fikir mübadiləsi aparılmışdır. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov tədbiri açaraq, seminar proqramının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. NATO mütəxəssislərinin və bu təşkilata üzv ölkələrin səfirlərinin iştirak etdiyi seminarın hər il Azərbaycanda müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur. Araz Əzimovun sözlərinə görə, bu seminara respublikamızın gənc alimlərinin, tələbələrin cəlb olunması böyük əhəmiyyət kəsb edir. O, eyni zamanda seminarda müzakirə olunacaq mövzuların vacibliyini qeyd etmiş və azərbaycanlı gənclərin NATO ekspertləri ilə bu mövzular ətrafında müzakirə aparmalarını onların gələcək fəaliyyətləri üçün böyük xeyir verəcəyini demişdir. Seminar iyulun 12-dək davam edəcəkdir.