Naxçıvan Dövlət Universitetində startap layihələri ilə bağlı müzakirələr aparılıb
Naxçıvan, 1 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə birgə həyata keçiriləcək “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Komissiyanın sədri İsmayıl Qəribli müvafiq sərəncamın icrasının təmin edilməsi ilə əlaqədar İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzinin yaradıldığını bildirib. Qeyd edilib ki, mərkəz “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsini hazırlayıb. Layihənin əsas məqsədi rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyar dövlət qulluğu xidmətinin göstərilməsidir.
Daha sonra komissiyanın əməkdaşı, NDU-nun müəllimi Türkan Gülməmmədli slaydlar vasitəsilə “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsi ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, komissiya üçün yeni internet portalının və proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbulu ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə müsabiqələrdə iştirakına imkan yaradır.
Tədbirin sonunda İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzinin direktoru, komissiya sədrinin müavini Ümid Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə bağlı mobil aplikasiyanın hazırlanması üçün elan edilmiş müsabiqə barədə məlumat verib.
Sonda qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb.
X X X
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı bilikli və təcrübəli gənc kadrların yetişdirilməsinə, onların öz ideyalarının təcrübədə tətbiqinə xidmət edəcək.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamın mütəxəssis hazırlığındakı mühüm rolundan bəhs edib.
Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, məlum sərəncamla universitetin Hüquq ixtisası digər hüquq-mühafizə orqanları ilə yanaşı, Daxili İşlər Nazirliyinin də hamiliyinə verilib. Diqqətə çatdırılıb ki, bu sahədə hami təşkilatların qarşısına qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə nail olmaqdır. Düşünülmüş ideyalara söykənən startap layihələrin tətbiqi muxtar respublikada iqtisadiyyatın, səhiyyənin, turizmin və digər sahələrin inkişafına xidmət edir.
Bildirilib ki, hər bir layihə hazırlanarkən ölkə qanunvericiliyinə və respublikamızın tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyə ciddi əməl olunmalıdır.
İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyev, İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik tədqiqatlar bölməsinin baş kriminalist-təhqiqatçısı, polis-mayoru Mirhəsən Seyidli nazirliyin iş strukturu, kriminalistika sahəsində istifadə olunan üsullardan söhbət açıblar. Çıxış edənlər startap layihələrinin əhəmiyyətini vurğulayıblar.