Naxçıvan Dövlət Universitetində tələbələrin elmi-tədqiqat işlərinə yekun vurulub
Naxçıvan, 30 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 2017-2018-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş ümumuniversitet elmi konfransı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, plenar iclası universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev TEC-in tələbələrin elmi fəallığının və elmi dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə cəmiyyətin sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb. Prorektor müəllim və tələbələrə keçiriləcək bölmə iclaslarında uğurlar arzulayıb, elmi-tədqiqat işlərinin qiymətləndirilməsində elmi rəhbərləri obyektiv olmağa çağırıb.
Tələbə Elmi Cəmiyyətinin qarşısında duran vəzifələri haqqında məruzə edən TEC-in sədri, riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Bətulə Əlizadə bildirib ki, təşkilatın başlıca vəzifəsi tələbələrdə elmə marağı artırmaqdır. Vurğulanıb ki, hər tədris ilində olduğu kimi cari tədris ilində də təşkilatın iş planı tərtib olunub, tələbələrlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Elmi rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov olan beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Elsun Cahangirlinin “Ümummilli lider Heydər Əliyevin enerji diplomatiyası müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının təminatıdır” mövzusunda hazırladığı elmi-tədqiqat işi ilə bağlı çıxışı dinlənilib. Qeyd edilib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycanda enerji siyasəti formalaşıb. Bu sahədə ən böyük addım olan nəhəng neft kontraktının - “Əsrin müqaviləsi”nin imzalanması ilə enerji diplomatiyası bu gün Azərbaycan xarici siyasətini müəyyənləşdirən başlıca faktorlardan birinə çevrilib. Bildirilib ki, bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazın zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik dövlət olması ilə bağlıdır. Bu gün Azərbaycan dövləti müstəqil şəkildə milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir.
Konfrans 47 bölmə üzrə işini davam etdirib. Tələbələr müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə, elmi məqalələrin bütün detallarını - cədvəlləri, şəkilləri, diaqramları əyani şəkildə, təfsilatı ilə konfrans iştirakçılarına təqdim ediblər. Dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.