Naxçıvan Dövlət Universitetində yazı müsabiqəsi: “Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətdir”
Naxçıvan, 23 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş “Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətdir” adlı yazı müsabiqəsi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi barədə danışıb. Bildirib ki, 1995-ci il noyabrın 15-də UNESCO Parisdə keçirilən 28-ci sessiyasında aprelin 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan edib. Azərbaycan Respublikasında 1997-ci ildən hər il aprelin 23-ü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova gəncləri mütaliəyə cəlb etməyin yolları, eyni zamanda, “Oxumağı sevdirmək” layihəsi haqqında geniş məlumat verib.
Müsabiqə komissiyasının sədri, Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva qeyd edib ki, müsabiqədə universitetin bakalavr, magistr və dissertant da daxil olmaqla universitetdə təhsil alan, yaradıcılıq qabiliyyəti olan hər bir gənc iştirak edib. Ümumilikdə isə müsabiqəyə 20-yə yaxın yazı təqdim edilib.
Münsiflər heyətinin qərarı ilə universitetin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Qızbəsti Quliyeva qalib olub. Müalicə işi ixtisası üzrə III kurs tələbəsi Nuray Quliyeva II, Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Zümrüd Rzazadə III, Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Rahimə Mustafayeva, Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Əhməd Əhmədzadə isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.