Naxçıvan Dövlət Universitetinin tələbələri dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunurlar
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı ilə ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının birgə “Gəncliyin missiyası: dövlətçiliyə sədaqət” layihəsi həyata keçirilir. Bu çərçivədə növbəti tədbir təşkil olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev çıxışında ulu öndər Heydər Əliyevin gənclərin I Forumunda dediyi sözləri xatırladıb. Ulu Öndərimiz deyib: “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz”.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasətinin təməlində duran prinsiplər gənc nəslə uğurla aşılanır. Ulu Öndərin bizə miras qoyub getdiyi vətənpərvərlik missiyasının aydın təzahürünü II Qarabağ müharibəsində gənclərimizin timsalında gördük.
Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov bildirib ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Muxtar respublikada uğurlu gənclər siyasətinin nəticəsidir ki, müasir gənclər artıq dünya gəclərinə nümunə olacaq səviyyəyə çatıb. Əziz Qasımov tələbələrin də bu proseslərdə fəal iştirakından danışıb.
Diskussiya şəraitində davam edən tədbirdə suallar cavablandırılıb, fikirlər səsləndirilib. Çıxışlarda II Qarabağ müharibəsində iştirak edən qəhrəman gənclərimizin vətənpərvərliyindən söhbət açılıb.