“Naxçıvan Duz İstehsalı” müəssisəsində yeni duz şaxtası açılacaq və müasir istehsal sahəsi qurulacaq
Bakı, 4 fevral, AZƏRTAC
Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biridir. Daim Naxçıvan duzuna böyük tələbat olub, duzumuz dünyanın müxtəlif ölkələrinə göndərilib. Əvvəllər Duzdağda duz açıq üsulla çıxarılırdısa, XX əsrin əvvəllərindən duzun sənaye üsulu ilə hasilatına başlanılıb. Ötən əsrdə uzun müddət istismar olunan şaxtaların birinin müddəti başa çatıb, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılıb. Tələbatın artması yeni duz şaxtasının açılmasını zəruri edib.
AZƏRTAC xəbər verir ki, bunu “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Anar Əsədullayev bildirib ki, bu istiqamətdə tədbirlər görülüb, 2019-cu ilin sonunda yeni şaxtanın tikintisinə başlanıb. Şaxtanın tikintisinə dövlət tərəfindən böyük dəstək göstərilir. 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması və müasir istehsal sahəsinin qurulması müəssisənin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsulların ixrac potensialının artırılmasına imkan verəcək.
“Bu gün müəssisəmizin məhsulları yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da göndərilir. Bakı şəhəri və respublikamızın digər bölgələrində Naxçıvan duzuna tələbat günbəgün artmaqdadır. Artıq Bərdə şəhərində müəssisənin bazası yaradılıb”, - deyən Anar Əsədullayev bildirib ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində də işlər davam etdirilir.
Onun sözlərinə görə, müəssisədə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Əvvəllər 8 çeşiddə məhsul istehsal edilirdisə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılıb, 60 nəfər işlə təmin olunub.