Naxçıvan idmançıları ölkə birinciliyində 12 medal qazanıblar
Naxçıvan, 10 fevral, AZƏRTAC
Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində MMA idman növü üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi təşkil olunub. İki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə 2 məşqçi və 20 idmançı olub.
Nəticələrə gəlincə, gərgin və maraqlı mübarizə şəraitində keçən ölkə birinciliyində Naxçıvan təmsilçiləri, ümumilikdə, 12 medal qazanıblar. Medallardan 4-ü qızıl, 4-ü gümüş və 4-ü bürünc əyarlı olub.
İdmançılardan Əli Qəribov (77 kq), Həmid Əkbərli (71 kq), Nurəddin Əliyev (46 kq) və Rəhim Quluzadə (42 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Qadir İsmayılov (77 kq), Ravil Alməmmədov (71 kq), Tunar Hüseynli (57 kq) və Əbülfəz Cəfərov (53 kq) gümüş medalçı olublar. Kamal Mustafazadə (62 kq), Nurəli Əsgər (54 kq), Tunar Abdullayev (42 kq) və Mahir Səfərov (38 kq) yarışı bürünc medalla tamamlayıblar.
Qeyd edək ki, klubun 11 idmançısı fevralın 13-15-də Bakıda keçiriləcək grapplinq idman növü üzrə Avrasiya çempionatında iştirak edəcək.