Naxçıvan MR Təhsil Nazirliyi məktəb rəhbərlərinin sertifikatlaşdırma prosesinə cəlbinə aydınlıq gətirib
Naxçıvan, 27 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən qurumun Çağrı Mərkəzinə və rəsmi sosial şəbəkə ünvanlarına Naxçıvanda məktəb rəhbərlərinin ikinci dövriyyə üzrə sertifikatlaşdırma prosesinə cəlbi ilə bağlı edilən müraciətlərə aydınlıq gətirib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Daxil olan müraciətlərə cavab olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, ümumilikdə, məktəb rəhbərləri və tədris köməkçi heyətdən pedaqoji fəaliyyətlə məşğul olan və 2021-ci ildə sertifikatlaşdırmaya cəlb olunan təhsilverənlər analoji olaraq 2026-cı ilin aprel-may aylarında ikinci dövriyyə üzrə sertifikasiya prosesinə cəlb olunacaqlar.
Qeyd edək ki, adıçəkilən vəzifə sahibləri ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyət göstərdiklərinə görə 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunublar. Buna görə də 2021-ci ildə sertifikatlaşdırma prosesində uğur qazanan, eləcə də 2021 və 2022-ci illərdə uğur qazana bilməyən təhsilverənlər cari tədris ilində tədris etdikləri fənlər üzrə ikinci dövriyyə sertifikatlaşdırma prosesində yenidən imtahan verəcəklər.