NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ YÜKSƏK DÖVLƏT MÜKAFATLARININ, FƏXRİ ADLARININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək təltif olunanlara uğurlar arzulamış, onların bu mükafatdan sonra harada çalışmalarından asılı olmayaraq, yenə də öz fədakarlıqları ilə fərqlənəcəklərinə əminliyini ifadə etmişdir.
Təltif olunanlardan Rüxsarə Ağayeva, Kubra Cəfərova, Hüseynqulu Bədəlov, Xəlil Hüseynov, Xuraman Hacızadə, Vidadi Naibov və başqaları çıxış edərək layiq görüldükləri mükafatlar və adlar üçün minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş 8 nəfərə Azərbaycan Respublikasının “Tərəqqi” medalını və vəsiqəsini, 5 nəfərə Azərbaycan Respublikasının “Əməkdar artisti” və “Əməkdar mədəniyyət işçisi”, 5 nəfərə isə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Ali Məclisin sədri eyni zamanda, 4 nəfərə Naxçıvan Muxtar Respublikasının əməkdar mühəndisi, 2 nəfərə əməkdar həkimi, 1 nəfərə əməkdar dövlət qulluqçusu, 6 nəfərə isə əməkdar müəllim fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Ali Məclisin sədri təltif olunanları Konstitusiya günü münasibətilə də təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.