“Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi uğurla icra olunub
Naxçıvan, 12 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma quruculuğu təşəbbüsləri” proqramı çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrası təmin olunub. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada qadınların məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib. Qeyd edib ki, müvafiq sahənin inkişafı ilə əlaqədar Dövlət proqramları qəbul olunur, həmçinin qadınlarla, xüsusən də sosial qayğıya ehtiyacı olan qadınlarla bağlı sosialyönümlü layihələr uğurla icra edilir. Artıq ötən illər olduğu kimi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı cari ildə də muxtar respublikada yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə növbəti layihənin icrası təmin olunub. Layihənin icrası muxtar respublikada qadınların məşğulluqlarının artırılmasına xidmət etməklə yanaşı, ailə təsərrüfatlarının, o cümlədən gələcəkdə muxtar respublikada mikro və makro biznes sahələrinin inkişafına kömək etmək məqsədi daşıyır.
“Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”, biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilib. Təlimlərdə Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayonlarının hər birindən 2, Culfa, Sədərək rayonlarından 3, Naxçıvan şəhərindən isə 12 nəfər olmaqla, ümumilikdə 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadının iştirakı təmin olunub”, - deyən komitə sədri bildirib ki, təlimlərdə qadınlara öz bizneslərini qurmaq, idarə etmək və inkişaf etdirmək, eyni zamanda gələcəkdə qadınlara öz maliyyə vəsaitlərindən düzgün, səmərəli istifadə etmək bacarıqlarının formalaşdırılması məqsədi ilə zəruri məlumatlar çatdırılıb. Keçirilən bu təlimlərin sonunda iştirakçılar tərəfindən biznes planlar hazırlanıb. Ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. Müvafiq layihə 2021-ci ilin aprel-avqust ayları ərzində həyata keçirilib. Layihə çərçivəsində 20 nəfərə maksimum 500 ABŞ dolları sərmayə kapitalı verilməsi nəzərdə tutulub. Lakin qadınların maraqları, müraciətləri və ehtiyacları nəzərə alınaraq onların sayı artırılıb.
Ramilə Seyidova vurğulayıb ki, layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyəri, ümumilikdə 17 min manat təşkil edib. Sərmayə kapitalı almış qadınlar üçün ilk öncə VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb. Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanılıb, müqavilələr Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.
Diqqətə çatdırılıb ki, maldarlıq, arıçılıq, üzümçülük, silahsazlıq, quşçuluq, dərzilik, xalçaçılıq, toxuculuq, dekorativ tətbiqi sənət, konservləşdirmə sahəsi olmaqla, ümumilikdə 26 qadına sərmayə kapitalı verilib. Verilən sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün təqdim olunub.
Komitə sədri qadınların sahibkar kimi formalaşmasına və onların məşğulluğunun təmin olunmasına, həmçinin bu layihənin yüksək səviyyədə, uğurla həyata keçirilməsinə göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat verib, muxtar respublikada qadınlara göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs edib, bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda və uğurla icra olunduğunu diqqətə çatdırıb. Sevinc Rüstəmova qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulayıb.
Layihə iştirakçıları Tovuz Məhərrəmova, Səkinə Qarayeva və Reyhan Salmanova çıxış edərək onlara və ailələrinə göstərilən qayğıya görə dövlətimizə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonra tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə qadınlar arasında bağlanmış müqavilələr təqdim olunub. Tədbir iştirakçıları komitənin foyesində qadınlara verilmiş sərmayə kapitalının dəyərində alınmış aktivlərin bəzi nümunələrinə baxıblar.