“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar keçirilmişdir
Naxçıvan, 7 noyabr (AZƏRTAC). Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarın ilk məşğələsi kiçik və orta sahibkarların maliyyə və kredit mənbələrindən, kiçik biznesin maliyyələşdirilməsinin alternativ metodlarından istifadə imkanlarına həsr edilmişdir.
Tədbiri ATƏT-in Bakı ofisinin əməkdaşı Matilde Nquyen Raniqel açmışdır. Qeyd olunmuşdur ki, son illər ATƏT-in Bakı ofisi iqtisadi idarəetmənin keyfiyyətini artırmaq, Bakıda və Azərbaycanın regionlarında əlverişli biznes mühitini təşviq etmək üçün normativ hüquqi məsələlərin yaxşılaşdırılması istiqamətində dəstək tədbirləri həyata keçirməyi diqqət mərkəzində saxlayır. Naxçıvan Muxtar Respublikasında (MR) ilk belə tədbir 2009-cu ilin mayında keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev muxtar respublikada güclü sahibkarlar təbəqəsinin formalaşdığını diqqətə çatdırmış, bunun təməlində hərtərəfli dövlət dəstəyinin dayandığını bildirmişdir.
Qeyd olunmuşdur ki, sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ötən dövrü ərzində muxtar respublika üzrə 22 hüquqi və 925 fiziki şəxs qeydiyyata alınmışdır. Cari ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 33 milyon 196 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşlar.
Seminarda “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının rəhbəri Anar Məmmədovun “Biznesimizin sağlam maliyyə idarəetməsinin əsas yolları” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, maliyyə idarəetməsinin əsas yollarından biri düzgün maliyyələşdirmədir. Şərti olaraq maliyyələşdirməni özünümaliyyələşdirmə, kredit yolu ilə maliyyələşdirmə, lizinq, büdcə maliyyələşdirməsi təşkil edir. Özünümaliyyələşdirmə ən əlverişli yoldur. Bu, fəaliyyətdə olan müəssisələr üçün daha münasibdir və müəssisə daxili imkanlar hesabına maliyyələşdirilir.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun baş məsləhətçisi Orxan Abdinov çıxış edərək muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
Sonra “FINCA” Bank Olmayan Kredit Təşkilatının Naxçıvan filialının əməkdaşı Elçin Məmmədovun “Kiçik biznesin maliyyələşdirilməsinin əsas mənbələri, kiçik və orta sahibkarların maliyyələşdirilməsi üzrə alternativ metodlardan istifadə perspektivləri” və “Yüksək miqdarda borc toplanması barədə xəbərdarlıq və məsləhət” mövzularında məruzəsi dinlənilmişdir.