REGİONLAR
Naxçıvanda “Fotojurnalistika” mövzusunda təlimə yekun vurulub


Naxçıvan, 7 mart, AZƏRTAC
Martın 7-də Naxçıvan Təlim Mərkəzi və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə təşkil olunan “Fotojurnalistika” mövzusunda təlimə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin əsas məqsədi muxtar respublikada fotoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarını artırmaq, onların müasir fotojurnalistika trendləri ilə tanış olmalarına şərait yaratmaqdan ibarət idi. Bir sıra dövlət qurumlarında fəaliyyət göstərən fotoqrafların da iştirak etdiyi təlimin ilk iki günündə Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi, tanınmış fotoqraf Mirnaib Həsənoğlu tərəfindən peşəkar fotojurnalistikanın əsas prinsipləri, reportaj çəkilişlərinin incəlikləri və foto vasitəsilə hadisələri düzgün çatdırmağın yolları öyrədilib.
Təlimin son günü iştirakçılar Ordubad rayonunda öyrəndikləri nəzəri bilikləri praktiki məşğələlərdə yerinə yetirib, ustad fotoqrafın tövsiyələrindən yararlanaraq, peşəkar yanaşma metodlarından istifadə ediblər. İlk olaraq təlim iştirakçıları rayonun Kotam kəndində olub, Zəngəzur dəhlizi istiqamətində yolu və bu tarixi anları fotolarda əbədiləşdiriblər. Qeyd olunub ki, bu dəhliz açıldıqda təkcə Naxçıvan blokadadan çıxmayacaq, eyni zamanda, yeni tarixi dövr başlayacaq.
Sonra təlim iştirakçıları Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyi (Qeysəriyyə), Yusif Məmmədəliyevin ev muzeyi, M.S.Ordubadinin ev muzeyi, M.T.Sidqinin ev muzeyi, Ordubad mədrəsəsi, Buzxana binası, Məbəd abidəsi, Sərşəhər məhəlləsi (Məscid, Çinar, meydan kompleks şəkildə), Mingis məhəlləsi, Anbaras məhəlləsi, Ordubad hamamı, Təkeşiyi məscidi və Cümə məscidini lentə alıblar.
Təlimin sonunda təşkilatçılar tərəfindən iştirakçılara sertifikat təqdim olunub.
Mükafatlandırma mərasimində “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxış edərək deyib ki, müasir dövrdə fotojurnalistikanın yeni növləri, qolları yaranır və bu sahə getdikcə inkişaf edir: “Naxçıvanda bu sahədə olan peşəkar fotoqraflar da həmin inkişafdan uzaq qalmamalı və ən son üsullardan istifadə edərək, işlərində yüksək peşəkarlıq göstərməlidirlər. Bu baxımdan deyə bilərəm ki, keçirdiyimiz təlim çox məhsuldar oldu”.
Naxçıvan Təlim Mərkəzinin idarə heyətinin sədri Tağı Tağızadə keyfiyyətli fotoxəbər istehsalının təmin edilməsinə yönələn təşəbbüsü yüksək dəyərləndirib, təlimin fotojurnalistlərin bu növ informasiyanın əldə olunması, ötürülməsi və yayımı fəaliyyətində peşəkarlığının və məsuliyyətinin artırılmasına xidmət etdiyini vurğulayıb.