Naxçıvanda həkim briqadalarının fəaliyyəti genişləndirilir
Naxçıvan, 22 noyabr (AZƏRTAC). İlk dəfə 2005-ci ildə Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi nəzdində yaradılan həkim briqadalarının məqsədi ucqar dağ və sərhəd kəndlərində yaşayan insanların sağlamlıqlarını qorumaqdan ibarət olmuşdur.
Bu vəzifələri yerinə yetirmək üçün həkim briqadalarının şəbəkəsi ildən-ilə genişlənmiş, mütəşəkkil hal almışdır. Təkcə ötən il 20 min nəfər həkim briqadaları tərəfindən müayinədən keçirilmişdir. Hazırda Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Göz Xəstəxanası, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadaları fəaliyyət göstərir.
Naxçıvan MR Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, həkim briqadalarının yerlərə gedişi qrafik əsasında tənzimləndiyindən, gedəcəkləri kəndlərə əvvəlcədən məlumat verildiyindən müayinələrin kütləviliyinə nail olunmuşdur. Müayinələr isə son illərin quruculuq ünvanlarından olan müasir həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində həyata keçirilir.
Səhiyyə müəssisələrində tibbi sənədləşmə işlərinin düzgün təşkilinə nəzarət də briqadaların funksiyaları sırasındadır. Ambulatoriya və feldşer-mama məntəqələrinin işçilərinə tibbi sənədləşmə ilə bağlı yerindəcə metodik göstərişlər verilir, dispanserizasiya işinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Briqadaların yerlərdə fəaliyyəti zamanı həkimlərin, tibb işçilərinin üzərinə düşən vəzifələrdən biri də aparılan müayinə və müalicələrlə yanaşı, xəstəliklərə qarşı insanları məlumatlandırmaqdan ibarətdir. Muxtar respublikada səhiyyə maarifinin düzgün təşkili uşaqlara peyvəndlərin təqvim üzrə aparılmasına səbəb olmuşdur. Bu isə xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə edilməsi baxımından əhəmiyyətlidir. Artıq muxtar respublika əhalisi arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır.
Bütövlükdə, həkim briqadaları öz səmərəli fəaliyyətləri ilə muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarına mühüm töhfələr vermişlər.