Naxçıvanda ilk dəfə müsahibə yolu ilə 11 məktəbə direktor təyin olunub



Naxçıvan, 1 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, direktor vəzifəsi üzrə namizədlərin müəyyən olunması iki formada - yerdəyişmə qaydalarına uyğun olaraq hazırda direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrində çalışan namizədlərin və məktəbin növbədənkənar pedaqoji şura iclasında pedaqoji heyətin rəyi əsasında seçilən 2-3 namizədin müsahibəyə cəlb edilməsi yolu ilə təşkil edilib.
Namizədlər yaradılmış komissiya tərəfindən qanunvericilik üzrə nəzəri, peşə üzrə texniki biliklər və idarəetmə bacarıqları olmaqla müsahibə olunub. Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndirilib və yekun orta balı 2,5 və daha yüksək olan namizədlər vəzifəyə uyğun hesab edilib. Ümumilikdə müsahibənin nəticəsinə uyğun olaraq 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.
Yeni təyin olunan direktorlarla dekabrın 1-də görüş keçirilib. Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov yeni təyin olunan direktorları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.