Naxçıvanda qızılgül əkini sahələri genişləndirilir
Naxçıvan, 6 aprel, AZƏRTAC
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq Kəngərli rayonunda qızılgül plantasiyasının sahəsi daha da genişləndirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonda 0,3 hektarlıq yeni ərazidə 600 qızılgül kolu əkilib.
Qeyd edək ki, muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunda da qızılgül sahələrinin artırılmasına xüsusi diqqət yetirilir. Təkcə 2020-ci ildə rayonda 0,8 hektar ərazidə qızılgül plantasiyası salınıb. Ötən dövrdə həmin əraziyə 2300 qızılgül kolu əkilib. Ordubad rayonu ərazisində, Əylis düzündəki onlarla hektar sahədə də qızılgül kolları əkilib.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qızılgül sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi nəzərdə tutulduğu üçün bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.