REGİONLAR
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun bu ilin 11 ayı üzrə göstəriciləri açıqlanıb
Naxçıvan, 6 dekabr, AZƏRTAC
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu maliyyə gücünü artırmaq və özəl sektorun inkişafını dəstəkləmək istiqamətindəki uğurlu fəaliyyəti ilə diqqət çəkib. 2024-cü ilin 11 ayında görülən işlər nəticəsində Fondun kredit portfeli 46,3 milyon manat təşkil edib, ehtiyatların qalıq məbləği 1 dekabr 2024-cü il tarixə ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq 20,1 milyon manata çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cari ilin 11 ayı ərzində verilən güzəştli kreditlərin 16,6 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Cari ilin 11 ayında 10,5 milyon manat problemli kreditin geri qaytarılması təmin edilib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.