Naxçıvanlı ağır atletlər Azərbaycan çempionatında uğurlu çıxışları ilə yadda qalıblar
Naxçıvan, 30 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirmələri Azərbaycan çempionatında uğurla iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, naxçıvanlı idmançılar qazandıqları uğurlarla ölkəmizin idman ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıblar. Belə ki, ilk dəfə olaraq bölmənin qız idmançısı Gülcahan Əliyeva ölkə birinciliyində mübarizə aparıb. İdmançı 47 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıb. O, birbaşa qaldırmada 29 kiloqramın öhdəsindən gəlib. Təkanla qaldırmada isə 42 kiloqramı başı üzərinə qaldırıb. Ümumi nəticəyə əsasən, Gülcahan Əliyeva ölkə çempionatında dördüncü yeri tutub.
Tərmenxan Babayev isə yenidən ölkənin ən güclü atleti olduğunu sübut edib. Belə ki, 85 kiloqram çəki dərəcəsində çıxış edən idmançı öz rekordunu da 17 kiloqram yeniləyib. Yeniyetmələr arasında mübarizə aparan ağır atlet birdəfəyə 137 kiloqram, təkanla qaldırmada isə 170 kiloqramın öhdəsindən səhvsiz gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.