Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindəyik. Bütün bunlar Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır.
AZƏRTAC xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində çıxış edərkən deyib.
Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir.
"COP-a sədrliyimizin başa çatmasından sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. May ayında Bakı şəhərində iqlimə davamlı şəhərlər, dayanıqlı şəhər inkişafı və mənzil məsələləri üzrə qlobal müzakirələrin irəlilədilməsinə xidmət edən 13-cü Ümumdünya Şəhərsalma Forumu keçirildi. Forumun nəticələri iyul ayında BMT-nin Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına dair yüksəksəviyyəli görüşün müzakirələrinə töhfə verdi. İyun ayında isə Bakı BMT-nin Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməklə qlobal ekoloji fəaliyyət sahəsindəki rolunu daha da möhkəmləndirdi.
C.Bayramov bildirib ki, rəsmi platformalarla yanaşı, qeyri-formal diplomatiyanın mühüm rolu da nəzərə alınır: “2024-cü ildən Şamaxı Görüşləri vasitəsilə baş iqlim danışıqlarını aparan şəxsləri bir araya gətirərək etimadın formalaşdırılmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına və mürəkkəb iqlim məsələləri üzrə konsensusun əldə olunmasına şərait yaradırıq".