İsmail Serageldin: İnvestisiya qərarlarının qəbul edilməsi üçün hazır layihələr olmalıdır
Bakı, 9 sentyabr, AZƏRTAC
COP31 və digər COP-lara gedən yolda əsas problem ondan ibarətdir ki, müzakirələr, adətən, belə qurulur: “Siz - varlı ölkələr biz - yoxsul ölkələrə bu xərcləri qarşılamaqda kömək etməlisiniz”. Əslində, varlı ölkələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində “rəsmi inkişaf yardımı” adlı vəsait ayırır. Bu məbləği hər hansı şəraitdə 10 dəfə artıraraq 2 trilyon dollara çatdırmaq mümkün deyil. Lakin desək ki, özəl sektorun idarə etdiyi 480-500 trilyon dollarlıq kapitaldan ildə 3 trilyon dollar cəlb etmək istəyirəm, bu, artıq real və mümkün hədəfə çevrilir.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində adıçəkilən mərkəzin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" adlı dəyirmi masada çıxış edərkən deyib.
"Problem ondadır ki, investisiya qərarlarının qəbul edilməsi üçün tam hazır layihələr olmalıdır. Bununla yanaşı, maliyyələşmənin reallaşmasını təmin edən bir sistem formalaşdırılmalıdır. Beləliklə, maliyyə çatışmazlığı məsələsi sadəcə vəsaitə ehtiyac olduğunu bəyan etməklə deyil, institusional strukturların dəyişdirilməsi yolu ilə yeni reallığa çevrilə bilər. Biz hazırda, həqiqətən də, yeni bir dövrün başlanğıcındayıq. Texnologiya sürətlə inkişaf edir. Bu gün inanılmaz gücə malik alətlər vasitəsilə genomu təhlil edə, kosmosu xəritələndirə, silisiumdan intellekt əldə edə bilirik. Bunlar artıq sadəcə alətlər deyil, onlar bizim kollektiv iradəmizin davamı, həm müdrikliyimizi, həm də yanlışlıqlarımızı gücləndirən vasitələrdir", - deyə həmsədr diqqətə çatdırıb.