Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Dövlət Yol Polisi və AYNA velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu nəqliyyat vasitələrindən təhlükəsiz və qaydalara uyğun istifadənin təşviqi istiqamətində birgə nəzarət-profilaktiki tədbirlər həyata keçirir.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərin məqsədi velosiped və skuter istifadəçilərini yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, mikromobillik vasitələrindən təhlükəsiz istifadəyə dair maarifləndirməni gücləndirmək, həm istifadəçilərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
“Velosiped və skuter sürücülərini məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizliyi hər zaman ön planda tutmağa çağırırıq”, - deyə məlumatda vurğulanıb.