Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Bu, həqiqətən də çox mühüm bir həftədir. Sıradan bir həftə deyil. Biz icra və fəaliyyət onilliyinə qədəm qoymuşuq. Bakıda keçirilən BMT-nin İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım da irəli aparacaq. Çünki biz regiondan və bu ölkədən çoxlu sayda sahibkarı və təşəbbüskarı bir araya gətirərək iqlim fəaliyyətinin əhəmiyyətini ön plana çəkirik.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində çıxışı zamanı COP30-un icraçı direktoru Ana Toni deyib.
"İndi keçirilən BMT-nin İqlim Həftəsi qlobal prosesləri bilavasitə icranı həyata keçirən regionlara, sektorlara və tərəflərə yaxınlaşdırmağa imkan verəcək. Bu, həmin arxitekturanın real fəaliyyətə necə yol açmalı olduğuna çox yaxşı bir nümunədir. İştirakçılar icranı yalnız mücərrəd şəkildə müzakirə etməyəcək, onlar soyutma sistemləri çağırışlarına, kənd təsərrüfatı üçün iqlim maliyyəsinə, ərzaq təhlükəsizliyinə və elektrifikasiya məsələlərinə baxacaqlar. Tikinti və ağır sənayenin dekarbonizasiyası üçün dövlət satınalmalarına, yəni hazırda cavab tələb edən tamamilə praktiki suallara diqqət yetirəcəklər", - deyə Ana Toni bildirib.