Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
TRIPP-lə bağlı əsas danışıqlar Amerika Birləşmiş Ştatları və Ermənistan arasında aparılır. Çünki bu layihənin müəyyən hissəsi Ermənistan ərazisinə düşür. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini danışıqların gedişatı barədə məlumatlandırırlar. Belə ki, layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, bütün razılaşmaları həyata keçirmək üçün müəyyən bir vaxt lazımdır. “Bizə verilən məlumata görə, danışıqlar uğurla davam etdirilir. Hesab edirik ki, bu layihənin bir qədər tez icra olunması daha yaxşıdır. Çünki layihə həm Azərbaycan, həm Ermənistan, eləcə də digər maraqlı ölkələr üçün olduqca faydalıdır. Azərbaycan layihənin icrası istiqamətində üzərinə düşən işləri uğurla davam etdirir. Eyni zamanda, dövlətimizin başçısının göstərişinə əsasən Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Sözügedən layihədə iştirak etməkdə maraqlı beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar aparılır”,- deyə nazir bildirib.