Nazir müavini: Gənclərin sayəsində dünyada sülh, iqtisadi dayanaqlılıq inkişaf edəcək
Şuşa, 25 iyun, AZƏRTAC
"Tədbirin məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə gənclərin sülh şəbəkəsini genişləndirməkdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva Şuşa şəhərində keçirilən "By Youth for Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu barədə jurnalistlərə açıqlamasında deyib.
O, layihənin gənclər arasında ənənələrin qorunmasına və ötürülməsinə kömək edəcəyini bildirib: "Burada Şuşanın da böyük əməyi olacaq. Çünki bu şəhər özü bir rəmzi məna daşıyır. Gənclərin sayəsində dünyada sülh, iqtisadi dayanaqlılıq inkişaf edəcək".
Nazir müavini bu tədbirin iki ildən bir fərqli ölkələrdə keçiriləcəyini diqqətə çatdırıb: "Bu adla olan ilk forum idi. Gənclər və İdman Nazirliyi ICESCO ilə birgə müəyyən işlər aparır. Gənclərimiz də bu cür layihələrdə iştirak etmək istəyirlər. Şuşadakı forum öz işinə Bakıda davam edəcək. Orada qəbul edilən qərarlara uyğun olaraq gənclərdən ibarət qrup yaradılacaq. Onlar öz fikirlərini rahatlıqla səsləndirə biləcəklər".
Qeyd edək ki, forumun məqsədi İslam Dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.
Forum öz işinə 26-27 iyunda Bakı şəhərində gənclərin iştirakı ilə panel müzakirələr və təqdimatlarla davam edəcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.