REGİONLAR
NDU-da Beynəlxalq Qadınlar Günü qeyd edilib
Naxçıvan, 5 mart, AZƏRTAC
Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə uğurla həyata keçirilir.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetdə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə bu fikir vurğulanıb.
Əvvəlcə universitetin Pedaqoji və İncəsənət fakültələrinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə Pedaqoji fakültənin vitraj sənəti, xalça, tikmə nümunələri, muncuqla hazırlanmış əl işləri və rəsm əsərləri yer alıb. İncəsənət fakültəsindən isə müəllim və tələbələrin kətan üzərində yağlı boya, kağız üzərində sulu boya, dekorativ tətbiqi sənətə aid gips və şüşə üzərində işlər, təbii daşlardan aksesuarlar və digər əl işləri diqqəti cəlb edib.
Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır.
Elbrus İsayev universitetin qadın əməkdaşlarının elm, təhsil sahəsində fərqləndiyini qeyd edərək bildirib ki, ali təhsil ocağında fəaliyyət göstərən 401 qadın əməkdaşın 4-ü elmlər doktoru, 3-ü professor, 40-ı dosent, 60-ı fəlsəfə doktoru, 201-i isə müəllimdir. Onlardan 10 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüblər. Nüfuzlu nəşrlərdə elmi məqalələri dərc olunan müəllimlər sırasında qadın müəllimlər xüsusilə seçilirlər. Elbrus İsayev əlamətdar gün münasibətilə universitetin qadın əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıb.
Sonra Təsviri incəsənət kafedrasının müəllimi Səyyarə Sadıxovaya sənətşünaslıq üzrə fəlsəfə doktoru, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Cabbarovaya pedaqogika üzrə fəlsəfə doktoru diplomları və qiymətli hədiyyələr təqdim olunub.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva qadınlar adından çıxış edərək yaradılan şəraitə və xanımlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra Xalq çalğı alətləri kafedrasının baş müəllimi Sərxan Abdullayevin bədii rəhbərliyi ilə həmin kafedranın yeni tərkibli “Buta” instrumental ansamblının və Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət konserti təqdim olunub. Tələbə Teatr Studiyasının “Təbrik” adlı pantomim tamaşası alqışlarla qarşılanıb.
Sonda hədiyyələr təqdim edilib.