NDU-da “Müasir dövrdə media etikası və hüquq” adlı beynəlxalq simpozium təşkil olunub
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) ilə Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir dövrdə media etikası və hüquq” adlı beynəlxalq simpozium keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında Jurnalistika və Hüquqşünaslıq ixtisasları üzrə 20 ildən çoxdur kadr hazırlandığını diqqətə çatdırıb. Rektor NDU-nun Jurnalistika ixtisası üzrə məzunlarının qardaş ölkədən bugünkü simpoziuma qatılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
“Molla Nəsrəddin” jurnalında jurnalist etikası məsələləri” mövzusundakı çıxışında NDU-nun Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov qeyd edib ki, Şərqin ilk satirik jurnalı olan bu mətbu orqan hər zaman həqiqətə xidmət edib, dəqiqlik və obyektivlik prinsiplərini rəhbər tutub.
NDU-nun Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva “Beynəlxalq media sistemində diffamasiya anlayışı” mövzusunda çıxışında bildirib ki, KİV-də diffamasiya hüquq pozuntusudur. Artıq bir çox ölkələrin qanunvericiliyində diffamasiya cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir. Çıxışda jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyi vurğulanıb.
Simpoziumun onlayn iştirakçısı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professoru Nazira Taşpulatova “Özbəkistanın milli jurnalistikasının qanunvericilik sistemi” mövzusunda çıxış edərək ölkəsində jurnalistin etik qaydaları barədə danışıb. Professor bu mövzuda nəşr etdirdiyi “Media hüququ” adlı kitabı haqqında məlumat verərək vurğulayıb ki, gələcəkdə bu sahə ilə bağlı birgə əməkdaşlıq aparıla bilər.
Tədbirə onlayn qoşulan NDU-nun Jurnalistika ixtisası üzrə məzunları olmuş Türkiyənin Atılım Universitetinin dosenti, İctimaiyyətlə əlaqələr və reklamçılıq bölməsinin rəhbəri İlqar Seyidov “Rəqəmsal etikada nəzəri müzakirə: problemlər və təkliflər”, Türkiyə Respublikasının Milli Media Qrupunun Xarici siyasət departamentinin redaktoru, siyasi analitik Kazım Kazımov isə “Qloballaşma və mediada etika” mövzusunda çıxış ediblər. Çıxışlarda rəqəmsal medianın müasir cəmiyyətimizdə formalaşdırdığı müsbət və mənfi tendensiyalara nəzər salınıb, sərhədsiz informasiya mübadiləsi və yüksək səviyyəli informasiya texnologiyalarının inkişafından bəhs olunub.
Simpozium ənənəvi və onlayn bölmədə 25 çıxışla yekunlaşıb. Ənənəvi bölməsində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, AMEA Naxçıvan Bölməsinin, onlayn bölmədə isə Bakı Dövlət, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan universitetlərinin, İstanbul Universitetinin, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professor-müəllim heyətinin çıxışları dinlənilib.