Neft qiymətlərində artım dinamikası davam edir
Bakı, 14 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın İranın dəniz blokadasının bərpa edilməsi haqqında verdiyi bəyanatdan sonra dünya enerji bazarında neft qiymətləri 5,3 faiz bahalaşıb. Dünən isə Hörmüz boğazında yaranan gərginliklə əlaqədar enerjidaşıyıcıların qiyməti 5 faiz artıb. Beləliklə, son 2 gündə neft qiymətləri 10 faizdən çox bahalaşıb.
AZƏRTAC xəbər verir ki, neft qiymətləri hazırda son 4 həftənin ən yüksək səviyyəsinə çatıb. “Brent” markalı xam neftin bir barelinin qiyməti 84 dollar, “Light” neftinin qiyməti 79 dollar civarındadır, “Azeri Light” nefti isə 81,29 dollara satılır. “Brent” neftinin qiyməti əvvəlki sessiyada 9,6 faiz artaraq 2020-ci ilin may ayından bəri ən böyük gündəlik artımı nümayiş etdirib.
Tramp “Truth” sosial şəbəkə platformasında yazıb ki, bundan sonra Hörmüz boğazını ABŞ nəzarətə götürür və buradan keçən yük gəmiləri mühafizə olunacaq ki, buna görə də yükün dəyərinin 20 faizi ABŞ-yə ödənilməlidir. ABŞ Prezidentinin “bu gündən Amerika Hörmüz boğazının mühafizəçisidir” bəyanatından sonra İranın Ali Rəhbəri Müctəba Xamneyi bildirib ki, rəsmi Tehran buna icazə verməyəcək. İslamabad danışıqları zamanı əldə olunan razılaşmaya əsasən, Birləşmiş Ştatlar üzərinə düşən öhdəliyi yerinə yetirməyincə İran Hörmüz boğazından heç bir gəminin keçməsinə imkan verməyəcək.
Analitiklər bildirir ki, Yaxın Şərqdən neft ixracının nəqlində yaranan problem hasilatın da azalmasına səbəb olacaq. Hasilatın azalması isə öz növbəsində bazarın təchizatını azaldacaq ki, bu da bazarda tələb və təklif tarazlığını pozacaq, qiymətlər artmaqda davam edəcək.
“Bloomberg” agentliyi yazır ki, Hörmüz boğazından keçən gəmi və tankerlərin sığortası çox baha başa gəlir. Sığorta şirkətləri təhlükəni nəzərə alaraq sığorta qiymətlərini artırıb. Bununla yanaşı, ABŞ-nin 20 faiz “mühafizə” xərci tələb etməsi nəqliyyat şirkətləri tərəfindən etirazla qarşılanıb. Agentliyin hesablamasına görə, bir supertanker boğazdan keçid üçün 32 milyon dollar ödəməli olacaq. Halbuki, İranın tələb etdiyi rüsum 2 milyon dollardır.
Beləliklə, bir tərəfdən Hörmüzün bağlanması, digər tərəfdən isə boğazdan “mühafizə” ilə keçid üçün ödənişin tələb olunması dünya bazarında neft qiymətlərini artıran amillərdir. Dünya enerji bazarında neft qiymətlərinin sabit səviyyədə qalması yenə də Körfəzdəki geosiyasi mübarizənin nəticəsindən asılı olacaq. Bu mübarizənin isə necə nəticələnəcəyini zaman göstərəcək.