Neftçalalılar şəhid xocalılıların xatirəsinə ehtiramlarını bildiriblər
Neftçala, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Neftçalada Xocalı faciəsi ilə bağlı anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb.
AZƏRTAC xəbər verir ki, rayonun yüzlərlə sakini, icra strukturlarının rəhbərləri abidə önünə gül dəstələri düzərək şəhid xocalılıların xatirəsinə ehtiramlarını bildiriblər.
Bu dəhşətli hadisədən 24 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır. Qətliamın qurbanlarını anan neftçalalılar təəssüf hissi ilə qeyd ediblər ki, dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.
Sonra rayon mədəniyyət evində uşaqların Xocalıya həsr etdikləri rəsm sərgisi ilə tanışlıq olub. Özfəaliyyət kollektivlərinin təqdim etdiyi "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.