NƏQLİYYAT NAZİRLİYİNDƏ TRASEKA-NIN MƏKAN MƏLUMATLARININ İDARƏ EDİLMƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Nəqliyyat Nazirliyində Avropa İttifaqı və MDB dövlətləri arasında regionlararası nəqliyyat dialoqu və TRASEKA ölkələri üzrə yük axınlarının təhlili layihəsinin “Məlumatların toplanması və GİS məlumatlar bazasının planları” üzrə təlim kursu proqramının müzakirəsi keçirilmişdir.
TRASEKA-nın məkan məlumatlarının idarə edilməsi mövzusunda keçirilən müzakirələrin ümumi məqsədi məlumatların toplanması üzrə nəqliyyat əməliyyatlarının reallaşdırılması barədə Nəqliyyat Nazirliyinin məlumatlandırılmasıdır.
TRASEKA-nın baş katibi R.Jenalinovun, layihə qrupunun rəhbəri İ.Qossinqerin, eləcə də P.Rukokoskinin, M.Pesunun və digərlərinin iştirak etdikləri tədbirdə Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cavid Nəcəfov çıxış etmişdir. C.Nəcəfov Azərbaycanda son illər nəqliyyat-yol kompleksinin inkişafından, xüsusilə də daşımalarda yüksək nəticələr əldə edilməsindən danışmışdır. Vurğulanmışdır ki, son 5 ildə nəqliyyatda, xüsusən yük daşımaları sahəsində xeyli irəliləyiş vardır. Bu canlanma nəqliyyat-yol kompleksinin ayrı-ayrı sahələrində də nəzərə çarpır. Aparatın rəhbəri qeyd etmişdir ki, hazırda TRASEKA dəhlizi üzrə yük, gələcəkdə isə sərnişin daşımaları sahəsində səmərəli və təhlükəsiz xidmət həyata keçirmək istiqamətində xeyli iş görülür.
Tədbir iştirakçıları müzakirə edilən mövzu ilə bağlı fikir mübadiləsi aparmış, görüləcək işlərin istiqamətlərini müəyyənləşdirmişlər.