Nəsimi rayonunda monitorinqlər davam etdirilir
Bakı, 23 avqust, AZƏRTAC
Nəsimi rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin, könüllülərin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, metrostansiyaların girişlərində və ticarət mərkəzlərində reydlər davam etdirilir.
RİH-dən AZƏRTAC-a verilən məlumata görə, reydlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələri barədə müvafiq tapşırıqlar və tövsiyələr verilir. Həmçinin monitorinqlər zamanı vətəndaşlara rayonun gənc könüllüləri tərəfindən tibbi maskalar paylanılır.