Nəsimi rayonunda narkokuryerlik və oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 4 noyabr, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin - metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri Ceyhun Rufullayev, Nəsimi Babayev və Rüfət Quliyev saxlanılıblar. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı onların sosial şəbəkələrdə tanış olduqları əcnəbi vətəndaşın təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb. Belə ki, polis şöbəsinə rayon ərazisində “Nissan” markalı avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev müəyyənləşdirilərək saxlanılıb.
Aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Nəsimi və Yasamal rayonlarında 9 avtomobildən ümumilikdə 2424 manat məbləğində pul, bankomat kartları, 1150 manat dəyərində eynəklər, mobil telefonlar, içərisində 150 manat dəyərində qızıl sırğa və iki yaddaş kartı olan çanta, eləcə də kosmetik əşyalar oğurlaması müəyyən edilib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Saxlanılan şəxslər istintaqa cəlb olunublar.