İQTİSADİYYAT
“NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib
Bakı, 10 may, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən “NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib. Ekspert şurasının və Virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən, iştirakçı-saytların siyahısından, mükafatın nominantları olan veb-saytlar, proqramlar və informasiya texnologiyaları layihələri seçilib.
Nominantların yekun siyahısı ilə http://netty.az/nominants2016 saytında yerləşdirilib. Müsabiqənin qaliblərini müəyyən etmək üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Akademiyanın nümayəndələri daxili səsvermə əsasında hər mövcud olan 16 nominasiya üzrə bir qalibi müəyyən edəcək.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, nominantlar sırasından seçilmiş qaliblər mayın 20-də rəsmi mükafatlandırma mərasimində elan olunacaq. “NETTY 2016”nın mükafatlandırma mərasiminin rəsmi tərəfdaşı “Megamart.az” internet dükanıdır. Bütün nominant saytların nümayəndələri mərasimə dəvət olunacaq. Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin informasiya texnologiyaları hadisəsi” fəxri nominasiyalar üzrə qaliblər elan olunacaq. Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" və “Şəbəkənin seçimi” nominasiyalarında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.