“Neuron Technologies” şirkətinin rəhbəri Avropa texnologiya təsisatının üzvü seçilib
Bakı, 5 may, AZƏRTAC
“Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov Avropa Elektron Media Təşəbbüsü Şəbəkəsinin (New European Media) tamhüquqlu üzvü seçilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu təsisat Avropa İttifaqının Yeddinci Çərçivə Proqramına əsasən, Avropa Texnologiya Platforması olaraq yaradılıb. Avropa qurumunun fəaliyyətinin əsas məqsədi şəbəkə və elektron media üzrə biznes sektorların inkişafı üçün elektronika istehlakçıları, yayımçılar və telekommunikasiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir. İ.Ələkbərov bu qurumun üzvü qismində ölkəmizin İKT şirkətlərinin maraqlarını təşviq edəcək, həmçinin Avropa İttifaqının “Horizon-2020” proqramı çərçivəsində yeni tələblərin cavablandırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərəcək.