SİYASƏT
Niderlandın nüfuzlu qəzetlərində Azərbaycanla bağlı məqalə dərc olunmuşdur
Bakı, 30 oktyabr (AZƏRTAC). Niderlandın Limburq əyalətində yüksək tirajla çıxan “Limburgs Dagblad” və “Dagblad de Limburger” qəzetlərində tanınmış jurnalist Rob Cobbenin “Bakı gündən-günə çiçəklənir” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Bu barədə Niderlandda fəaliyyət göstərən “Vahid, bölünməz və demokratik Azərbaycan uğrunda birlik” Cəmiyyətinin sədri İradə Uluxanlı AZƏRTAC-a məlumat vermişdir.
İ.Uluxanlı demişdir ki, Rob Cobben ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq idman tədbirində iştirak etmək üçün Bakıda səfərdə olmuş, Azərbaycanda gedən abadlıq, quruculuq işləri onda dərin təəssüratlar yaratmışdır. Məhz bu təəssüratların nəticəsində o, 1,2 milyon əhalisi olan əyalətdə böyük maraqla qarşılanan belə bir məqalə yazmışdır.
Məqalədə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verilir. Azərbaycanın zəngin təbii sərvətlərə malik olması və bu sərvətlərin xalqın rifahının yaxşılaşdırılmasına sərf edilməsi diqqətə çatdırılır. Müəllif Azərbaycanda saysız-hesabsız gözəl memarlıq abidələrinin olduğunu vurğulayaraq oxuculara Bakıya səfər etməyi məsləhət görür.
Rob Cobben Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini və bu islahatların bütün sahələri əhatə etdiyini vurğulayır.