REGİONLAR
Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir
Ağsu, 12 mart, AZƏRTAC
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Gəncədə yaşayıb-yaradan bu dahi sənətkar Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini ərsəyə gətirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağsu rayon Mərkəzi Kitabxanasının Tədris Mərkəzi ilə birgə təşkil etdiyi onlayn tədbirdə səsləndirilib. Tədbirdə çıxış edən MSK-nın direktoru Cəbrayıl Bədəlov, Tədris Mərkəzinin dil-ədəbiyyat müəllimləri Reyhan Eminova və Günay İsmayılova, Ağsu Mədəniyyət Mərkəzinin direktor əvəzi Elçin Novruzov Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından bəhs ediblər.
Çıxışlarda Nizami Gəncəvi şəxsiyyətinə, onun böyük sənətinə verilən yüksək dəyərdən də danışılıb. Vurğulanıb ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğini həmişə ön plana çəkmiş, onun yubileylərinin keçirilməsi təntənəli mərasimə çevrilmişdir. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı bir daha qüdrətli söz ustadı Nizami Gəncəvi irsinə verilən böyük önəmin göstəricisidir.