“NKA ÇEKİ ALIN, AVTOMOBİL QAZANIN”
Nazirliyin operativ nəzarət idarəsinin rəisi Habil Məmmədov qeyd etmişdir ki, Vergilər Nazirliyi ölkə ərazisində satılan mallara, görülmüş iş və göstərilən xidmətlərə görə ödənilmiş nağd pul vəsaitlərinin nəzarət-kassa aparatlarına tam həcmdə mədaxil edilməsinin təmin olunması, bu işdə ictimaiyyətin gücündən istifadə edilməsi və nəzarət-kassa aparatlarından NKA çeklərinin əhali tərəfindən əldə edilməsinin stimullaşdırılması məqsədi ilə həmin çeklərin sahibləri arasında lotereya oyununu təşkil edir.
Lotereyanın keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış və müvafiq qaydalar təsdiq olunmuşdur.
“NKA çeki alın, avtomobil qazanın” lotereya oyunu aprelin 15-dən iyulun 1-dək əldə ediləcək NKA çeklərinin əvəzində veriləcək xüsusi kuponlar vasitəsilə aparılacaqdır. Hər bir ədəd lotereya biletini pulsuz almaq üçün vətəndaşlar əldə etdikləri malların (işlərin, xidmətlərin) dəyərinin ödənilməsi müqabilində aldıqları NKA çeklərini yerli vergi orqanlarına təqdim etməlidirlər. Bu zaman bir sıra şərtlərin yerinə yetirilməsi tələb olunur: NKA çekləri 15 aprel–1 iyul 2006-cı il tarixlərini əhatə etməlidir; təqdim olunacaq NKA çeklərinin əsli təhvil verilməlidir, çeklərin miqdarı 100 ədəddən, ümumi məbləği isə 500 AZN-dən az olmamalıdır; NKA çeki valyuta mübadiləsi məntəqələrindən əldə edilmiş çek olmamalıdır. Çeklər aydın oxunmalı və zəruri rekvizitləri (vergi ödəyicisinin adı, VÖEN-i, NKA-nın və çekin №-si) əks olunmalıdır.
NKA çeklərini təqdim edən şəxslərə verilən lotereya biletlərinin sayı məhdudlaşdırılmır. Stimullaşdırıcı lotereyanın 1-ci tirajı iyulun 20-də saat 22.00-da AzTV-də canlı yayımda keçiriləcəkdir.