Nobel mükafatı laureatı xanım Ada Yonat Azərbaycan Tibb Universitetində olmuşdur
Bakı, 2 noyabr (AZƏRTAC). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Nobel mükafatı laureatı xanım Ada Yonat (İsrail) noyabrın 2-də Azərbaycan Tibb Universitetində (ATU) olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov forumda müzakirə edilən mövzuların aktuallığından danışmışdır. Bildirmişdir ki, forum çərçivəsində noyabrın 1-də keçirilən “dəyirmi masa”da “Klinik təbabətdə molekulyar biologiya”, “Hüceyrə transplantologiyasının bioloji və klinik aspektləri”, “Müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları” mövzularında müzakirələr aparılmışdır. Tədbirdə tibb sahəsi üzrə son dərəcə aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, bu sahədə dünyada əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir.
Rektor diqqətə çatdırmışdır ki, Nobel mükafatı laureatı A.Yonatın “dəyirmi masa”da “Bakterial dərman rezistentliyi ilə mübarizədə irəliləyiş” mövzusunda məruzəsi maraq doğurmuşdur.
Akademik Ə.Əmiraslanov israilli Nobel mükafatçısının elmdə əldə etdiyi nailiyyətlərdən də danışmışdır. Bildirmişdir ki, 2009-cu ildə molekulyar biologiya sahəsində sanballı tədqiqatlarına görə Nobel mükafatı alan Ada Yonat UNESCO-nun “Elmdə qadın” nominasiyasında “L OREAL” mükafatına da layiq görülmüşdür.
Rektor Ə.Əmiraslanov Nobel mükafatı laureatı Ada Yonata universitetin “Fəxri qonaq” diplomunu təqdim etmişdir.
Diskussiya şəklində keçən görüşdə Ada Yonat universitetin müəllim və tələbələrinin suallarını cavablandırmışdır. Müasir dövrdə antibiotiklərə qarşı müqavimətin artmasından, dərman həssaslığından danışan Nobel mükafatçısı vurğulamışdır ki, bu problemlərin aradan qaldırılmasında əczaçılıq şirkətlərinin üzərinə böyük vəzifələr düşür.