“NUR” KLİNİKASI - SAHİBKARLIĞA DÖVLƏT QAYĞISININ DAHA BİR NÜMUNƏSİ
Bu münasibətlə keçirilən mərasimdə sahibkar M.Məmmədov çıxış edərək, yeni klinikanın açılmasının ölkədə yaradılmış əlverişli biznes mühitinin, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin bariz nümunəsi olduğunu qeyd etmiş və özəl bölmənin inkişafı üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırmışdır.
Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondundan “Nur” klinikasının yaradılmasına 490 milyon manat güzəştli kredit ayrılmışdır. Bu vəsait 3 mərtəbəli binanın əsaslı təmirinə, müasir tibbi avadanlığın alınmasına sərf olunmuşdur. Klinikada stasionar xidmət üçün nəzərdə tutulmuş 11 çarpayılıq palatalar da daxil olmaqla 19 iş otağı vardır və burada 30 nəfərə yaxın tibb işçisi çalışacaqdır. Klinikada cərrahiyyə əməliyyatları, ultrasəs müayinəsi və digər tibbi xidmətlər göstəriləcəkdir.
Səhiyyə nazirinin müavini E.Ağayev çıxışında yeni klinikanın Bakı sakinlərinin tibbi xidmətlərə ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayacağını və səhiyyə sahəsində də özəl bölmənin genişləndiyini vurğulamışdır.
İqtisadi inkişaf naziri F.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığa daim diqqət və qayğı göstərdiyini vurğulamış, özəl bölməyə dövlət maliyyə dəstəyinin ildən-ilə gücləndirilməsi nəticəsində ölkəmizdə son vaxtlar yeni istehsal və emal müəssisələrinin, sağlamlıq ocaqlarının açıldığını diqqətə çatdırmışdır.
Bu cür müəssisələrin istifadəyə verilməsinin səhiyyə sahəsində azad rəqabətin formalaşmasına, tibbi xidmətin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirən nazir F.Əliyev dünya standartlarına cavab verən “Nur” klinikasının yaradılmasını özəl sektora dövlət qayğısının bariz təzahürü olduğunu vurğulamış və yeni tibb müəssisəsinin kollektivinə uğurlar arzulamışdır.
Sonra tədbir iştirakçıları klinika ilə tanış olmuşlar.