NYU-YORK VƏ VAŞINQTONDA DƏHŞƏTLI TERROR AKTLARI
Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının ən böyük şəhəri olan Nyu-Yorkda və ölkənin paytaxtı Vaşinqtonda dəhşətli terror aktları baş vermişdir. CNN agentliyinin məlumatına görə, terrorçuların ələ keçirdikləri “Boinq” tipli iki sərnişin təyyarəsi bir-birinin ardınca, Bakı vaxtı ilə saat 17.45-də və 18.03-də Nyu-Yorkun Manhetten rayonunda - Dünya Ticarət Mərkəzinin qoşa “göydələnlərinə” çırpılmışdır. Həmin vaxt binalarda nə qədər adamın olduğu məlum deyildir. Ümumiyyətlə, hər iki binada təxminən 50 min nəfər işləyir. Binalarda güclü yanğın baş vermişdir. Hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər yanğını söndürməyə və binalardakı adamları xilas etməyə başlamışlar. Lakin bir müddət sonra hər iki bina uçmuşdur. Həmin vaxtadək nə qədər adamı xilas etmək mümkün olduğu məlum deyildir. Şəhərin həmin rayonunu tüstü-duman bürümüşdür. Yüz minlərlə insan şəhəri tərk etməyə çalışırdı. İlkin məlumata görə, xəstəxanalara minlərlə zərərçəkən gətirilmişdir.
Bakı vaxtı ilə təxminən saat 18.35-də daha bir sərnişin təyyarəsi Pentaqonun binasına çırpılmış, binanın bir hissəsi uçmuşdur. Burada da güclü yanğın baş vermişdir. Hadisə baş verərkən binada təxminən 20 min nəfər mülki və hərbi qulluqçunun olduğu bildirilir.
ABŞ prezidenti Corc Buş ölkəyə səfərini təxirə salaraq təcili surətdə Vaşinqtona qayıtmışdır. O, hələ Sarasota şəhərində /Florida ştatı/ olarkən etdiyi təcili çıxışında baş vermiş hadisələri “ABŞ-a qarşı terror hücumu” və “milli faciə” adlandırmışdır. Prezident demişdir ki, hökumət orqanları bu terror aktlarının təşkilatçılarını və icraçılarını mütləq tapıb cəzalandıracaqdır.
Pentaqon ölkənin silahlı qüvvələri üçün yüksək döyüş hazırlığı elan etmişdir. ABŞ prezidenti yanında Milli təhlükəsizlik şurası özünün təcili iclasına toplaşmışdır.
Birləşmiş Ştatların digər şəhərlərinin hakimiyyət orqanları terror aktlarının davam edəcəyindən ehtiyat edərək, təcili tədbirlər görürlər. Çikaqoda ABŞ-ın ən hündür “göydələnində” - “Sirs” şirkətinin binasında işləyənlər təcili surətdə oradan çıxarılmışlar. Nyu-Yorkda və Vaşinqtonda bütün körpülərdə, tunellərdə və iri nəqliyyat qovşaqlarında hərəkət dayandırılmışdır. Ölkə ərazisində bütün hava reysləri dayandırılmışdır.
Terror aktlarına görə məsuliyyəti hələlik heç kəs öz üzərinə götürməmişdir. Məşhur terrorçu Üsəma ben Laden təxminən üç həftə bundan əvvəl hədə-qorxu gələrək bildirmişdi ki, yəhudilərlə ərəbləri barışdırmaq cəhdlərinə müvafiq cavab verəcəkdir. Amma o da bu dəhşətli terror əməllərinə görə məsuliyyəti öz üzərinə götürməmişdir.
Tarixdə indiyədək misli görünməmiş bu terror aktlarının nəticələri son dərəcə faciəli olsa da, miqyasını hələlik yalnız təsəvvür etmək mümkündür.
Dünyanın müxtəlif ölkələrinin dövlət başçılarından ABŞ prezidentinin ünvanına başsağlığı teleqramları gəlir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu faciə ilə əlaqədar cənab Corc Buşa və Amerika xalqına başsalığı vermişdir.